Nərimanov rayonu ərazisindəki Qarabağ küçəsi əsaslı təmir olunub VİDEO
AzerTAg.az
Bakı, 11 yanvar, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən Qarabağ küçəsi əsaslı təmir olunub.
Məlumata əsasən, Qarabağ küçəsinin əsaslı şəkildə təmir olunmuş Gülarə Qədirbəyova və Əliağa Vahid küçələri arasında yerləşən hissəsinin uzunluğu 900 metr təşkil edir.
İcra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 3650 kvadratmetr sahədə bərpa olunub, küçəboyu hər bir tərəfdə və yol ayrıcına 4 min poqonometr sahədə yeni səki daşı düzülüb. Küçəboyu 12 min kvadratmetr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 poqonometr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenisi ilə əvəzlənib.
Bundan başqa, küçəboyu yol ayrıcında yerləşən yaşıllıq ərazi abadlaşdırılıb, vətəndaşların yaşıllıq ərazi ilə rahat və təhlükəsiz hərəkəti üçün 900 metr uzunluğunda xüsusi piyada zolağı salınıb.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə və yolun təmiri işləri aparılıb.
Qeyd olunub ki, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 kilometr uzunluğa malik küçə və yol təmir edilib.





Xəbərin mətnində orfoqrafik səhv var