İQTİSADİYYAT
Nərimanov rayonu ərazisindəki təhsil və səhiyyə müəssisələri əsaslı təmir olunur
Nərimanov rayonundakı 47 nömrəli tam orta məktəb əsaslı təmir olunub, 207 nömrəli tam orta məktəb üçün 280 şagird yerlik əlavə tədris korpusu inşa edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu işlər “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülüb.
Əsaslı təmirdən sonra 180 və 89 nömrəli uşaq bağçaları da istifadəyə verilib. Hazırda isə 21 nömrəli musiqi məktəbi yenidən inşa edilir.
Rayonda mühüm səhiyyə obyektlərinin tikintisi və əsaslı təmiri işlərinə də xüsusi diqqət yetirlir. Belə ki, rayon ərazisində yerləşən Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda isə əsaslı təmir işləri davam etdirilir.
Bu il daha iki səhiyyə ocağında - 6 nömrəli uşaq xəstəxanasında və 7 nömrəli qadın məsləhətxanasında yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulub.