İQTİSADİYYAT


Nərimanov rayonunda 12 kilometrlik küçə və yollar təmir edilir

Bakı, 16 aprel, AZƏRTAC

Paytaxtın Nərimanov rayonunda 12 kilometr uzunluğa malik küçə və yollarda təmir işləri görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. İşlər ümumi uzunluğu 12 kilometr olan küçə və yolların təqribən 50 min kvadratmetr sahəsini əhatə edir. Bu, “Böyükşor” və “Daş karxanası” yaşayış sahələrinin 4,5 kilometr uzunluğa malik yolları, həmçinin 2,5 kilometr uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsi, eləcə də ümumi uzunluğu 5 kilometrlik Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır. Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri yekunlaşıb.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq. Təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Rayon ərazisində ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda təmir-bərpa işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.