CƏMİYYƏT
Nərimanov rayonunda 21 ədəd tüstü qumbarası aşkarlanıb
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də saat 16:52-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonunun “Baksol yolu” ərazisində 21 ədəd tüstü qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Keşlə Xətt Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və polis əməkdaşları “ADY Container” MMC-nin inzibati ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 21 ədəd tüstü qumbarası (RDQ2-Ç) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaraların tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən iyunun 5-dək ANAMA tərəfindən ümumilikdə 3535 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 88 min 415 kvadratmetr ərazi yoxlanılıb.