İQTİSADİYYAT
Nərimanov rayonunda 6630 metrlik küçə və yol təmir olunub VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonunda təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nərimanov rayonunda ümumi uzunluğu 3,4 kilometr olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1,2 kilometrik yollarının, ümumi uzunluğu 3,6 kilometr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” massivlərinin, o cümlədən “205-ci məhəllə” yollarının, həmçinin Elçin İsaqzadə adına yaşayış massivinin 0,5 kilometrlik yolunun, “Qarametal emalı” yaşayış məhəlləsində isə ümumi uzunluğu 0,56 kilometr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin böyük əksəriyyəti tam şəkildə təmir olunub.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.
Sözügedən işlər çərçivəsində rayon üzrə Asif Məmmədov və Aşıq Qərib küçələrinin, eləcə də “Daş karxanası”nın 1200 metrlik yollarının, ümumi uzunluğu 3600 metr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” yaşayış massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, Elçin İsaqzadə adına yaşayış massivinin 500 metrlik yolunun, “Qarametal emalı” yaşayış məhəlləsində isə ümumi uzunluğu 560 metr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb.
Ümumilikdə təmir-tikinti işləri çərçivəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan, paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik, uzunluğu 2500 metr təşkil edən Əliyar Əliyev küçəsində yenidənqurma işləri davam etdirilir.
Yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.
Küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi yaxın müddət ərzində icra olunacaq. Daha sonra küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin ediləcək.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.