CƏMİYYƏT
Nərimanov rayonunda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilib
Bakı, 11 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatında YAP Nərimanov Rayon Təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə məktəblilər arasında təşkil olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, fəal gənclər və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalib gəlmiş şagirdləri təbrik ediblər və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıblar. Ulu Öndərin xalqımıza qoyub getdiyi ən böyük mirasın məhz onun müəllifi olaraq yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan ediblər.
Azərbaycan Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, Bakı Slavyan Universitetinin tələbəsi, Nərimanov rayonunun fəal gənci Murad Hüseynli ulu öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi yolunda müdrik və qətiyyətli addımlar atmasından, Vətəninə və millətinə sonsuz xidmətləri ilə doğma xalqının qəlbini fəth etməsindən bəhs edərək Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib.
Tədbirdə Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən irimiqyaslı işlər və əldə olunan möhtəşəm nailiyyətlər xüsusi vurğulanıb, dahi öndərin irsinin ürəklərə yol tapmasında Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti qeyd edilib.
Sonda inşa müsabiqəsində fərqlənmiş və qalib gələn şagirdlər müxtəlif dərəcəli diplom, medal və hədiyyələrlə təltif olunublar.