İQTİSADİYYAT
Nərimanov rayonunda Şahmar Ələkbərov küçəsi təmir olunur VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə 2019-cu və 2020-ci illər ərzində Nərimanov rayonunun yaşayış massivlərinin 20 kilometrdən çox daxili küçə və yollarında təmir işləri icra olunub. Cari ildə də rayon ərazisində bu çərçivədə 10,5 kilometr uzunluğa malik 15-dən çox küçə və yolun təmiri nəzərdə tutulur.
Uzunluğu 800 metr təşkil edən Şahmar Ələkbərov küçəsi uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olur, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınıb, yol əsası inşa edilib.
Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Həmçinin 2021-ci ilin İnvestisiya Proqramında təmiri nəzərdə tutulan 15-dən artıq küçədə təmir işlərinin aparılması nəzərdə tutulub. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə həyata keçirilib.