CƏMİYYƏT


Nərimanov rayonunda Vətən müharibəsi şəhidinə verilən “İdman ustası” fəxri adı ailəsinə təqdim edilib

Bakı, 17 iyul, AZƏRTAC

Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, idmançı Murad Məmmədova verilən “İdman ustası” fəxri adı ailəsinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Aprel döyüşləri şəhidlərinin ailə üzvləri, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, müxtəlif idman növləri üzrə federasiyalarının üzvləri, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və rayonun fəal könüllüləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən müharibəsi şəhidi, baş leytenant Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatıb. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad edib, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz dünyaya qüdrətini, gücünü nümayiş etdirib. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar öz həyatlarında hiss edirlər.

Sonra Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, idmançı Məmmədov Murad İlham oğlunun valideynlərinə “İdman ustası” fəxri adının nişanı, vəsiqəsi və Azərbaycan bayrağı təqdim edilib.

Tədbirin rəsmi hissəsindən sonra karate, kapoero, əlil arabasında qılıncoynatma və boks idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.