CƏMİYYƏT
Nərimanov rayonunda “Vətənin müdafiəsinə hazıram!” devizi altında tədbir keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə rayonda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Aparatının yüksəkrütbəli zabitlərinin və rayon idarəsinin şəxsi heyətinin, Gənclər Fondunun, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranlarının, orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən söz açıb. O, Prezident İlham Əliyevin qayğısı sayəsində gənclərin inkişafı məqsədilə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirin milli dövlətçilik atributlarının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının qəbul edilməsi prosesindən danışaraq həmin bayrağın bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildiyini diqqətə çatdırıb. General-mayor Zaur Abdullayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğu siyasətinin, aparılan islahatların ölkəmizin, Silahlı Qüvvələrimizin qüdrətinin daha da artmasına, beynəlxalq arenada Azərbaycanın iradəsini daha ciddi nümayiş etdirməsinə stimul olduğunu bildirib.
Tədbirdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Nərimanov rayonunun məktəbliləri arasında keçirilmiş “Vətənin müdafiəsinə hazıram!” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 177 saylı orta məktəbin 9-cu sinif şagirdi Adilə Ağazadə, 207 saylı orta məktəbin 7-ci sinif şagirdi Ayşə Ocaqverdiyev və 82 saylı orta məktəbin 8-ci sinif şagirdi Leyla Əbdürəhimbəyova müvafiq olaraq ilk üç yerə layiq görülüblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun nümayəndələri və aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev tərəfindən qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.
Sonda məktəblilər vətənpərvərlik ruhunda hazırladıqları maraqlı ədəbi-bədii proqramla çıxış edib, Nərimanov rayon özfəaliyyət kollektivinin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının konserti olub.