CƏMİYYƏT
Nərimanov rayonunda "Mən Azərbaycanam 2" fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 17 iyun, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "GUYS" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Mən Azərbaycanam 2" fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar mobil telefon və ya fotoaparat vasitəsi ilə çəkdikləri və ölkəmizin mədəniyyətini, adət-ənənəsini, tarixini, bir sözlə, bütün həyatını əks etdirən ən yaxşı 3 şəkil göndərməklə müsabiqədə iştirak etmək imkanını əldə ediblər.
Müsabiqəyə, ümumilikdə 200 nəfərin çəkdiyi 500 şəkil təqdim edilib. Yekun nəticələrə görə, Vətən müharibəsi şəhidi Elgüc Quliyevin bacısı Aysel Quliyeva birinci yerə layiq görülüb. Xəyal Vəliyev ikinci, İsmayıl Mürsəlov üçüncü yerləri tutublar.
Qalib və mükafatçılar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və hədiyyələrlə təltif olunublar.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın təkrarsız təbiətini, çoxəsrlik mədəniyyətini, tarixini nümayiş etdirmək və gənclərə vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir.