CƏMİYYƏT
Nərimanov rayonunda dövlətimizin başçısının növbəti prezidentlik dövrünün birinci ilinə həsr olunmuş konfrans keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dövlətimizin başçısı İlham Əliyevin növbəti prezidentlik dövrünün möhtəşəm birinci ilinə həsr olunmuş rayon konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, veteranlar, ictimaiyyət nümayəndələri, rayon gəncləri və s. iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək deyib ki, ötən il aprelin 11-də xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan prezident seçkiləri artıq tarixə qovuşub: “Həmin gün Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Xalqımız İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, “Yeni hədəflərə doğru” müddəalarına yenidən səs verərək bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi. Xalqımız Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevə yüksək inam və etimad göstərməklə, ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına səs verdi”.
A.Fərzəliyev vurğulayıb ki, prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi münasibətilə ötən il aprelin 12-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş möhtəşəm konsert proqramında sevincini bölüşməyə toplaşan minlərlə insanın qarşısında çıxış edən dövlətimizin başçısı orada bir daha bəyan etdi ki, yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, fəal gənc Günel Məmmədova ötən bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sürətlə davam edən inkişafdan və beynəlxalq aləmdəki uğurlardan danışıblar.