CƏMİYYƏT


Nərimanov rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil qruplar yaradılıb

Bakı, 4 iyul, AZƏRTAC 

Nərimanov rayonunda yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müxtəlif qurumların əməkdaşları, fəal gənclər və könüllülərdən yaradılan mobil qruplar fəaliyyətinə icazə verilmiş ictimai-iaşə obyektlərində, marketlərdə, banklar və filiallarda, bankomatların qarşısında, eləcə də bazarlarda və digər obyektlərdə reydlər keçirirlər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, reydlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərin sahiblərinə xəbərdarlıq edilərək qoruyucu tibbi maskalardan istifadə olunması, sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi, sosial məsafənin saxlanılması, satıcıların və girişdə alıcıların dezinfeksiyaedici məhlullarla təmin edilməsi, obyektlərə daxil olan vətəndaşların hərarətinin ölçülməsi, piştaxtaların aralı yerləşdirilməsi və karantin rejiminin digər tələb və qaydalarına əməl edilməsinin zəruriliyi izah olunur.

Ötən iki gün ərzində aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qrupların üzvləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən 350-dən artıq ticarət və ictimai-iaşə obyektlərində, eləcə də bazarlarda reydlər keçirilib. Bu müddətdə 200-ə yaxın obyektə və vətəndaşa karantin rejimi qaydalarını pozduqlarına və gigiyenik qaydalara riayət etmədikləri üçün xəbərdarlıq olunub.

Mobil işçi qruplar sərtləşdirilmiş karantin rejimi dövründə reydləri hər gün davam etdirirlər.

Xatırladaq ki, mobil qruplar iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.