CƏMİYYƏT
Nərimanov rayonunda koronavirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Nərimanov rayonunda da davamlı şəkildə icra edilir.
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargahın sədri, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qərargah sədrinin müavini, Qərargah üzvlərindən ibarət qruplar gün ərzində rayonun Atatürk, Heydər Əliyev, F.X.Xoyski prospektlərində, Akademik H.Əliyev, A.Neymətulla, Təbriz və digər küçələrində Nazirlər Kabineti yanında Operativ Qərargahının son qərarlarının və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi ilə bağlı maarifləndirmə-təbliğat işləri aparırlar.
Rayonun bütün küçə və binalarının əhatə olunduğu tədbirlərdə Operativ Qərargahın, Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarından ibarət 50 qrup bütün vətəndaşları ciddi ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edir, habelə evdən çıxma hallarının yaradacağı risklər barədə məlumatlandırır.
Bütün təbliğat, ciddi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri, dezinfeksiya işləri və yardımların göstərilməsi gün ərzində davam etdirilir.
Bundan başqa, rayon ərazisində ehtiyac içərisində yaşayan, həmçinin tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır.
Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edir.