CƏMİYYƏT


Nərimanov rayonunda məktəbin yaxınlığında iki top mərmisi və bir aviabomba aşkarlanıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də saat 16:42-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri Nərimanov rayonunun Böyükşor qəsəbəsində 73 nömrəli tam orta məktəbin yaxınlığında bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Bakı Şəhər Baş Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd tərkibində partlayıcı maddə (TNT) olan top mərmisi (bir ədəd 100 millimetrlik OF-412 və bir ədəd 130 millimetrlik F-46) və bir ədəd tərkibində partlayıcı maddə olmayan aviabomba aşkarlanıb. Həmin hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 10 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.