CƏMİYYƏT
Nərimanov rayonunda piyadanı vurub hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü məsuliyyətə cəlb olunub
Bakı, 13 may, AZƏRTAC
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.