CƏMİYYƏT
Nərimanov rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb
Bakı, 17 may, AZƏRTAC
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.
Nərimanov Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, mayın 6-sı saat 11 radələrində Nərimanov rayonu Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlinin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.