CƏMİYYƏT
Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin xatirəsi anılıb
Bakı, 19 fevral, AZƏRTAC
Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində anılıb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, M.Mirzəyevin anadan olmasının 25-ci ildönümünə həsr edilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.
Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü ordusu olan dövlət yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin təminatçısıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilib. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Belə bir orduda xidmət keçmək gənclərimizin ruh yüksəkliyini artırır.
Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə, Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Qarabağ qazisi, polkovnik-leytenant İslam Əzimov çıxışlarında aprel döyüşlərində əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlarından və qazanılan tarixi zəfərdən danışıblar.
Şəhidin atası Sabir Mirzəyev oğlunun xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Mahir Mirzəyev 1994-cü ildə Bakıda anadan olub. O, 2011-ci ildə Nərimanov rayonundakı 36 saylı məktəbdə orta təhsilini başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və sənaye fakültəsinin bakalavr, 2015-ci ildə isə Qafqaz Universitetinin magistr pilləsinə daxil olunub. Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Sonra şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş “Vətən sağ olsun!” sənədli filmi nümayiş olunub.
Daha sonra şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol turnirinin qalibləri mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.