CƏMİYYƏT
Nərimanov rayonunda yerləşən mehmanxanada yanğın-taktiki təlim keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş növləri üzrə açıq dünya çempionatında iştirak edəcək idmançıların yerləşdiriləcəyi Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Golden Falcon” mehmanxanasında yanğın-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələbləri barədə geniş söhbət aparılıb, yanğınsöndürənlər tərəfindən şərti yanğının söndürülməsi əməliyyatı həyata keçirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanılıb, “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası otelin rəhbərliyinə təqdim edilib, suallar cavablandırılıb.