İQTİSADİYYAT


Nərimanov rayonunun Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər görülür. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, uzunluğu 1,8 kilometr olan küçədə aparılan yenidənqurma işləri zamanı mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, üzərinə tamet daşlar döşənir, küçəboyu hər bir tərəfdə yeni səki daşları düzülür, xüsusi parkinq yerləri yaradılır. Bundan başqa, 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilir.

Layihə çərçivəsində, həmçinin səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunur, yeni yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Sözügedən işlər artıq küçənin Mirzə Uluqbəy və Fətəli Xan Xoyski küçələri arasında yerləşən 480 metr uzunluğa malik hissəsində yekunlaşıb. Küçənin bu hissəsində 6460 kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Hazırda əsaslı təmir işləri küçənin Fətəli Xan Xoyski küçəsi ilə Heydər Əliyev prospekti arasında yerləşən hissəsində davam etdirilir.

Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. Uzunluğu 900 metr təşkil edən küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur.

Ümumilikdə isə cari il ərzində ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulub ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.

Qeyd olunub ki, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 kilometr uzunluğa malik küçə və yol təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.