İQTİSADİYYAT
Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 22 may, AZƏRTAC
Bakının Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Ziya Bünyadov prospektində diametri 530 millimetrlik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315 millimetrlik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar mayın 23-də saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən işlərin Binəqədi rayonunun Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də, 7-ci və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.