CƏMİYYƏT


Nərimanov və Nizami rayonlarında yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimələniblər VİDEO

Bakı, 9 yanvar, AZƏRTAC

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Baş İctimai Təhlükəsizlik, Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.

Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkarlanıb. Nərimanov rayonu A.Nemətulla, F.Yusifov və F.X.Xoyski küçələrində, həmçinin Nizami rayonu Q.Qarayev prospektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyənləşib.

Aşkarlanan faktlarla bağlı həmin obyektlərin sahibləri, paytaxt sakinləri – Cəmilə Şirəliyeva, Ramal Əsgərli, Cabbar Cabbarov, Bəhram Allahverdiyev və Qoşqar Hüseynov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub. Onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

Qeyd edək ki, həmin məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satış dayandırılmalı və müştəridən şəxsiyyəti təsdiqləyən sənəd tələb olunmalıdır. Bu sənədi təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.

DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, paytaxtda, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi reydlər bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.