CƏMİYYƏT


Nərmin Qoşqarova: Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq

Bakı, 27 sentyabr, AZƏRTAC

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinə xalqımızın şanlı Zəfəri kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində cəmi 44 gün ərzində Ermənistanın dörd il müddətinə işğal etdiyi doğma torpaqlarımızı azad etdi. 44 gün davam edən döyüşlərdə bütün dünya xalqımızın Vətəni qorumaq üçün nümayiş etdirdiyi əzmkarlığa, Azərbaycanın döyüş qabiliyyətinə heyran oldu. Vətənpərvər xalqımız öz Prezidentini necə dəstəklədiyini, onun ətrafında dəmir yumruq kimi birləşdiyini bir daha təsdiqlədi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin kitabxana müdiri, kiçik ədliyyə müşaviri Nərmin Qoşqarova bildirib.

N.Qoşqarova müharibələrin itkisiz ötüşmədiyini, müqəddəs Vətən müharibəsində qəhrəman oğul və qızlarımızın torpaqlarımızın azadlığı uğrunda öz canlarını qurban verdiklərini bildirib: “Vətən müharibəsində Azərbaycanın 2907 hərbçisi şəhid olub, mindən artıq əsgərimiz yaralanaraq sağlamlığını itirib. Bununla yanaşı, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi əməliyyatlarda, o cümlədən könüllü kimi iştirak ediblər. Xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı ilə kollektivin rəğbətini qazanan Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi, Birinci dərəcəli dövlət qulluqçusu Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarlıq göstərən R.Xəlilov Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib. Onun son döyüşü isə Qubadlı rayonu ətrafında olub. Mərdlik və cəsarət nümayiş etdirərək qəhrəmancasına vuruşan Ruhin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmçinin ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilib”.

Azərbaycanda hər zaman mübariz oğul və qızlarımızın şücaətinin yüksək qiymətləndirildiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyini və xatirəsinin uca tutulduğunu deyən ədliyyə müşaviri qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

“Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Müharibədən keçən iki il ərzində ordumuz daha da güclənib, müasir silahlarla təchiz olunaraq sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olub.

Bu günlərdə - sentyabrın 12-14-də Azərbaycan Ermənistanın təxribatının, yeni mövqelər əldə etmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq düşmən ordusuna sarsıdıcı zərbə vurdu. Bu, ölkəmizin növbəti mühüm qələbəsi, zəfəridir.

Bütün dünya sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginliyin Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsi olduğunu bir daha aydın gördü. Ermənistanın beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparması, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüslərə mane olması, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırması Ermənistanın revanşist siyasət aparmasını bir daha təsdiq edir ki, bu da bütün region üçün təhdid yaradır. Düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün əsgər və zabitlərimiz böyük igidlik və qəhrəmanlıq nümayiş etdirdilər, son damla qanlarına qədər vuruşaraq Vətən uğrunda canlarını qurban verdilər. Azərbaycan əsgəri bir daha Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün Azərbaycan vətəndaşı xoşbəxtdir ki, tarixi ədalət şanlı Zəfərlə bərpa edilib və doğma torpaqları düşmən tapdağından azad olunub. Otuz ilə yaxın müddət ərzində erməni işğalı altında qalmış və tamamilə dağıdılmış ərazilərimiz sürətlə bərpa olunur və əhali böyük sevinclə dədə-baba torpağına dönür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub – keçmişdə də, bu gün də, gələcəkdə də. Qarabağ Azərbaycandır!”, - deyə Nərmin Qoşqarova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.