CƏMİYYƏT


Nəşi 113 gündən sonra tapılan 20 yaşlı şəhid

Bakı, 16 oktyabr, AZƏRTAC

Nurlan Eminov 2020-ci fevral ayından müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Murovdağda “N” saylı hərbi hissədə xidmət edirdi. Vətən müharibəsində Murovdağ yüksəklikləri və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Onun nəşi 113 gündən sonra tapılaraq ailəsinə təhvil verilib.

Eminov Nurlan Pərviz oğlu 2000-ci il iyulun 2-də Kürdəmirin Ərəbqubalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə hərbi xidmətə yollanan Nurlan 2020-ci ildə tərxis olunsa da yenidən ordu sıralarına qayıdıb. Müharibə başlayanda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Murovdağda xidmət edirmiş.

Şəhidin qardaşı Pərvin Eminov AZƏRTAC-a bildirib ki, Nurlan yunan-Roma güləşi ilə məşğul olub, hətta rayon birinciliyində çempionluq sevinci də yaşayıb. Lakin Nurlan özünü hərbi sahədə görmək istəyirdi. Buna görə də müddətli həqiqi hərbi xidməti başa vurandan çox qısa müddət sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirirdi: “Vətən müharibəsinin ilk günlərindən düşmənlə savaşa girən Nurlan biz narahat olmayaq deyə çox şeyi gizlədirdi. Hər danışanda da “hər şey yaxşıdır, narahat olmayın” deyirdi. Qardaşımla son dəfə oktyabrın 2-də danışdıq. Bu dəfə səsi başqa cür gəlirdi, nisgil vardı sanki. Bəlkə də bilirdi şəhid olacağını. Amma yenə də əhvalını pozmamağa, bizi nigaran qoymamağa çalışırdı. Bundan sonra qardaşımdan uzun müddət xəbər ala bilmədik. O, itkin kimi axtarışda idi. Bu il yanvarın 22-də nəşi tapılaraq bizə təhvil verildi. Yanvarın 23-də isə dəfn etdik. Məlum oldu ki, Nurlan bizimlə son danışığının səhəri günü, yəni oktyabrın 3-də Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı yaxınlığına düşən minaatan mərmisindən çıxan qəlpənin döş qəfəsinə tuş gəlməsi ilə şəhadətə yüksəlib”.

Şəhid əsgər Nurlan Eminov ölkə başçısının müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.