REGİONLAR
Nəsibə Şahmuradova: Bizə işıq sevinci bəxş edənlərin ömrü işıq kimi uzun olsun
Astara, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
61 yaşım var. Sekaşan kəndində döğulmuşam, burada da ailə qurmuşam. Beş qızım, iki oğlum var. Onların hamısını lampa işığında böyütmüşəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Astara rayonunun Sekaşan kənd sakini Nəsibə Şahmuradova söyləyib.
Ucqar dağlıq ərazidə yerləşən Sekaşan kəndində 6 ailənin yaşadığını bildirən Nəsibə Şahmuradova yaşayış məntəqəsində elektrik enerjisinin olmaması səbəbindən bir sıra problemlərlə üzləşdiyini deyib: “1994-cü ilə qədər kəndimizdə işıq olub. Kəndə çəkilən elektrik xətləri qırıldığından və basdırılan elektrik dirəkləri çürüdüyündən işıqsız qaldıq. O vaxtdan indiyədək evimizdə elektrik motoru işlədirik. Aprel ayında mənə dedilər ki, dövlətimizin başçısı Sekaşan, Dolu və Diqo kəndlərinə işıq çəkilməsi ilə bağlı Sərəncam imzalayıb. Kənddə bu xəbərə bəlkə də ən çox sevinən mən oldum. İndiki dövrdə işıqsız yaşamağın nə qədər çətin olduğunu izah etməyə ehtiyac yoxdur. Artıq kəndimizə işıq xətti çəkilib, burada transformator, evlərdə elektrik sayğacı quraşdırılıb. Sevincimin həddi-hüdudu yoxdur. Tezliklə bizim kənddə də işıq yanacaq. Bizə bu sevinci bəxş edən Prezident Əliyevə ailəmiz və kənd sakinləri adından minnətdarlığımı bildirirəm. Bizə işıq sevinci bəxş edənlərə işıq qədər uzun ömür arzulayıram”.