REGİONLAR
Nəsimi-650: Qobuda “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya təqdim olunub
Qobu, 4 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan ədəbi–bədii gecə keçirilib. Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan olunması haqqında sərəncamlarına əsasən keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, qəsəbə sakinləri və qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sərgiyə baxışla başlayıb.
Qobu Mədəniyyət Mərkəzində keçirilən tədbirdə qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil edilib. Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya göstəriblər.
Çıxışlarda Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edilib, görkəmli Azərbaycan şairinin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışılıb.