ELM VƏ TƏHSİL
Nəsimi ana dilimizə yüksək poeziya dili hüququ verən ilk böyük şair olub
Böyük Azərbaycan şairi dünyaya göstərdi ki, yalnız fars dilində deyil, doğma ana dilimizdə də gözəl və lətif şeirlər yaratmaq mümkündür
Bakı, 25 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi bir daha sübut etdi ki, Azərbaycan klassik ədəbiyyatının dil və üslub səviyyəsində araşdırılması hər zaman olduğu kimi, çağdaş dövrümüzdə də gündəmdə duran və xüsusi aktuallıq kəsb edən elmi problemlərdən biridir.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Əsgərova deyib.
O bildirib ki, İmadəddin Nəsimi dünya mədəniyyəti tarixində Azərbaycan xalqının adına şərəf və şöhrət gətirən, ana dilində gözəl şeirlər yazan nəhəng söz ustadı, kamillik dərəcəsi ilə dünya fəlsəfi fikrinə orijinal və təkrarsız əlavələr etmiş mahir filosof olub. Nəsiminin təlatümlü həyatı, dövrü üçün ağlasığmaz dərəcədə mütərəqqi və cəsarətli ideyaları, bütün yaranışların əşrəfi insana, onun böyüklüyünə, əzəmətinə vurğunluğu, elə bu səbəbdən də insanı Tanrı səviyyəsində görmək arzusu, bu arzu uğrunda Tanrıdan verilmiş şair ömrünü əsirgəmədən, məsləyindən dönmədən təhlükəli mübarizələr meydanına atılması, dəhşətli ölümün gözünə dik baxmaq cəsarəti onu gözümüzdə mətin bir şəxsiyyət kimi daha da yüksəldib.
“Elmi mənbələrin məlumatına görə, eramızın V əsrində formalaşmış ümumxalq Azərbaycan dili əsasında təşəkkül və inkişaf edən Azərbaycan şifahi ədəbi dili IX-XI əsrlərdə həm də “Kitabi-Dədə Qorqud” kimi yazılı dil faktı, “Dastani-Əhməd Hərami”, Həsənoğlunun qəzəlləri kimi yazılı nümunələrlə nəzəri cəlb edir. Bunlar təbii ki, Azərbaycan yazılı dilinin “inkişaf və tərəqqi yolunda” olduğunu sübut edən amillərdir”, - deyə dilçi alim diqqətə çatdırıb.
O qeyd edib ki, Nəsiminin bədii yaradıcılığının rüşeymi Azərbaycan xalqının folkloru ilə sıx surətdə bağlı olub. Nəsiminin dili başlanğıc mərhələdə Azərbaycan ədəbi dilinin bütün istiqamətlərdə inkişaf mənzərəsini özündə əks etdirən klassik Azərbaycan ədəbi dilidir. Nəsimi doğma dilimizdə şeirin möhkəm əsaslarını yaratmaqla, bu sahədə ciddi addım atan və ana dilimizə yüksək poeziya dili hüququ verən ilk böyük şair olub.
“Şair gözəl və lətif şeirləri yalnız fars dilində yox, Azərbaycan dilində də yaratmağın mümkünlüyünü dünyaya göstərib. Bunun üçün ana dilini sevmək, səbrlə onun incəliklərini üzə çıxarmaq bacarığı olmalıdır. Dahi şair bu məqsədlə ana dilinin dərinliklərinə enib, endikcə onun gövhər xəzinəsinin qatları arasında yeni-yeni dürlər, incilər, üslubi çalarlar kəşf edib, nəinki öz dövrü üçün, hətta çağdaş Azərbaycan dili üçün möcüzələr yaratmağa nail olub”, - deyə T.Əsgərova əlavə edib.