REGİONLAR
“Nəsimi eşqi” adlı poetik xalq tamaşası Füzuli ictimaiyyəti tərəfindən maraqla qarşılanıb
Füzuli, 22 aprel, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması münasibətilə hazırlanan “Nəsimi eşqi” adlı poetik xalq tamaşası rayon ictimaiyyətinə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, Vaqif Rəhimov, Sevinc Məmmədova və başqaları çıxış ediblər.
İmadəddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Tamaşanın rayonun işğaldan azad olunmuş kəndlərində, yeni salınmış qəsəbələrdə və ərazidəki “N” saylı hərbi hissələrdə nümayişi nəzərdə tutulub.