MƏDƏNİYYƏT


“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir

Bakı, 17 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin bu ili “Nəsimi ili” elan etməsi haqqında tarixi qərarı ulu öndər Heydər Əliyevin xalqımız üçün gördüyü işlərin uğurlu davamı, milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. Bu addım Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə çox böyük töhfədir.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib.

Qeyd edib ki, uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsi bundan sonra daha geniş şəkildə araşdırılacaq, xüsusilə, incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək.

“Hələ ötən ilin oktyabr ayında VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın aparıcı simalarının Nəsimi yaradıcılığı ilə yaxından maraqlanmaları, onların Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan Xalq artisti, bəstəkar Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” adlı balet-tamaşasını heyranlıqla izləmələri göstərdi ki, biz Nəsimini bütün dünyaya tanıtmalıyıq.

Düşünürəm ki, dövlət başçısının Sərəncamı bütün yaradıcı kollektivlərin çiyinlərinə düşən məsuliyyəti daha da artıracaq - mədəniyyətimiz üçün əhəmiyyətli şəxsiyyət, qüdrətli söz ustası Nəsimi haqqında ilboyu keçiriləcək tədbirlərin gedişatında fəal iştirak etmək, yeni səhnə əsərləri hazırlamaq, yeni layihələri reallaşdırmaq və geniş auditoriyaya təqdim etmək ümdə vəzifəmiz olmalıdır”, - deyə Ə.Lalayev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.