ELM VƏ TƏHSİL


“Nəsimi ili” böyük şairin yaradıcılığının daha dərindən araşdırılmasına zəmin yaradır

Bakı, 23 yanvar, AZƏRTAC

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyədə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu, təkcə Nəsimi yaradıcılığına deyil, həm də Azərbaycan ədəbiyyatına olan diqqət və qayğının göstəricisidir. Ümummilli lider Heydər Əliyev elmə, təhsilə, mədəniyyətə daim xüsusi önəm verib. Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu fikirləri Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova AZƏRTAC-a müsahibəsində bildirib. O deyib ki, Nəsimi yaradıcılığı klassik ədəbiyyatımızla yanaşı, folklor irsimizin öyrənilməsi, XIII-XIV əsrlərdəki xalq şeiri şəkillərinin hansı mərhələdə olduğunun aydınlaşdırılması, həmin dövrdəki ədəbi dilin müəyyənləşdirilməsi üçün əsaslı rol oynayır. Nəsiminin ədəbiyyat tariximizdəki xidmətlərindən danışarkən onun bədii-fəlsəfi şeirimizin əsasını qoyduğunu, söz sənətimizə verdiyi töhfələri qeyd etməliyik. Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin formalaşdırılmasında, əruz vəzninin bəhrlərinin dilimizin xüsusiyyətlərinə uyğunlaşdırılmasında müstəsna rolu olan böyük şair Nəsiminin ana dilində ilk tərcibənd, müstəzad və mürəbbelər, orijinal rübai və tuyuqlar yazması, yaradıcılığında xalq şeiri üçün spesifik olan əlamətlərdən, dünya və kainatın yaradılışı ilə bağlı sakral bilikləri əks etdirən folklor nümunələrindən istifadə etməsi onun əsərlərini milli-mənəvi cəhətdən zənginləşdirib.

“Nəsimi yaradıcılığına nəzər saldıqda onun folklorla əhatələndiyinin şahidi oluruq”, – deyən alim bildirib ki, böyük şairin təkcə yaradıcılığı deyil, həyatı da vəfatından sonra folklor pərdəsinə bürünüb. Nəsimi yaradıcılığının alt qatlarındakı folklorun üzə çıxarılması, həyatı ilə bağlı yaranan folklor nümunələrinin, folklordan bəhrələndiyi sahələrin araşdırılması aktual məsələlərdəndir. Nəsimi folklor nümunələrindən öz ideyalarını xalqa daha yaxşı çatdırmaq üçün bir vasitə kimi istifadə edirdi. Şairin yaradıcılığında folklordan istifadənin atalar sözü və məsəllərdən başlayaraq, dini və zoomifik obrazları, dini əfsanə və rəvayətləri, müqəddəs şəxsiyyətlər haqqında olan hekayələri, bayramları, müqəddəs günləri əhatə edəcək qədər çoxşaxəli olduğunun şahidi oluruq. Bu da şairin milli-mənəvi dəyərləri özündə ehtiva edən folklor nümunələri ilə hansı səviyyədə tanış olduğunu sübut edir.

“Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamı böyük şairin yaradıcılığının milli-mənəvi dəyərlər istiqamətində, folklor aspektində araşdırılmasına zəmin yaradacaq. Bu Sərəncamı rəhbər tutaraq, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında folklorşünaslıq və mifologiya ixtisası üzrə təhsil alan magistrantlar üçün “Nəsimi və folklor” mövzusunda elmi seminar təşkil etməyi planlaşdırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.