MƏDƏNİYYƏT


“Nəsimi ili”nə dəyərli töhfə

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il ölməz şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə ölkəmizdə “Nəsimi ili” elan olunub. Bu bayram təkcə Azərbaycan və onun bölgələrində deyil, TÜRKSOY vasitəsilə bütün türkdilli ölkələrdə qeyd olunub. Böyük mütəfəkkir Nəsiminin yubileyinin belə möhtəşəm və geniş miqyasda keçirilməsi Azərbaycan ədəbiyyatına və ölməz sənətkara olan sevginin həmişəyaşarlığından xəbər verir. Bu sərəncamla əlaqədar olaraq ölkəmizdə Nəsimi ilə bağlı saysız–hesabsız tədbirlər, konfranslar keçirilib, məqalələr yazılıb, kitablar işıq üzü görüb, seminarlar təşkil olunub, filmlər göstərilib, mühazirələr oxunub və s. kimi işlər həyata keçirilib.

Bu il çərçivəsində görülən mühüm işlərdən biri də nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın bu günlərdə çapdan çıxan “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” adlı elmi monoqrafiyasıdır. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Esmira Fuad, rəyçiləri filologiya elmləri doktoru Ataəmi Mirzəyev və filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlidir.

AZƏRTAC filologiya elmləri doktoru Xuraman Hümmətovanın kitab haqqında fikirlərini oxuculara təqdim edir.

Monoqrafiyada Nəsiminin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan müqayisəli məsələlərə münasibət bildirilir, şairin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məxəz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar, ənənəvi və fərdiyyət kontekstində dəyərləndirilir. Səadət Şıxıyevanın bu əsəri Azərbaycan nəsimişünaslığındakı 1973-cü ildən bu günümüzə qədər olan boşluğu dolduran bir tədqiqat işidir.

Monoqrafiyaya nəzər saldıqda görürük ki, III fəsil və hər fəsli müxtəlif yarımfəsillərdən ibarət bu tədqiqat əsəri müəllifin uzun illər gərgin axtarışları sayəsində ərsəyə gəlib.

“Nəsimi lirikasının tədqiq tarixi” adlanan birinci fəsildə tədqiqatçı alim orta əsr təzkirələrində Nəsiminin adının keçməsinə və ona aid yazılan məlumatlara diqqəti cəlb edir. Bütün əsər boyu başqa dillərdə verilən beyt və sitatların oxucuya aydın olması üçün onların həm orijinalı, həm tərcüməsi, həm də geniş şəkildə izahını verir. Verdiyi hər bir nümunə və ya sitat faktiki əsasa və dəqiq mənbəyə əsaslanır. Müəllif Nəsimi haqqında bir çox faktlara aydınlıq gətirir. Bu məlumatların hansının doğru, hansının doğru olmadığını göstərir.

Müəllif Nəsimi haqqında ilk məlumatı cığatay ədəbiyyatının görkəmli nümayəndəsi Əlişir Nəvainin təzkirəsindən aldığını qeyd edir. Daha sonra işini bu istiqamətdə quraraq Hüseyn Bayqaranın vəziri olan Əmir Kəmaləddin Hüseyn Qazurqahinin övliyalar təzkirəsində, səfəvi tarixçisi Həsən bəy Rumlunun təzkirəsində, Dövlətşah Səmərqədinin və digər təzkirəçilərin əsərlərinə əsaslanaraq fikrini davam etdirir.

Azərbaycan ədəbiyyatşünaslığında Nəsimi irsinin öyrənilməsi, onun əsərlərinin nəşri tarixinin XX əsrin I rübündən başlanmasından söz açan Səadət xanım qeyd edir ki, XX əsrdə Nəsimi ədəbi irsinin öyrənilməsi sayəsində S.Mümtaz, H.Araslı, M.Quluzadə və C.Qəhrəmanovun xüsusi xidmətləri olub.

Monoqrafiyanın II fəsli “Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri” adlanır. Bu fəsildə müəllifin Nəsimi şeirinin folklor motivlərinin irfani məqamları ilə bağlı maraqlı fikirləri ilə tanış oluruq. Şairin ilham mənbəyinin qaynağının gücü bir tərəfdən onun coşqun istedadından, dərin ağıl və idrakından yoğrulan bədii düşüncəsidirsə, digər tərəfdən bu istedadın güc mənbəyi mənsub olduğu milli mədəniyyət, xalq yaradıcılığından bəhrələnmə olub. Deməli, onun yaradıcılıq mənbəyi təkcə hürufi görüşləri ilə bağlı olmayıb, o həm də xalq poeziyası, xalqın əsatir görüşlərindən qaynaqlanıb. Müəllif şairin yaddaş folklorunda yer alan informasiyanın sözün qüdrəti ilə yazıya ötürülməsində onların daşıdığı irfani məqamlara aydınlıq gətirir. Monoqrafiyada tədqiqatçı göstərir ki, folklor obrazları xalqın poetik düşüncə düsturu, formuludur ki, şair ondan yaradıcı bəhrələnməklə gözəl şeir örnəkləri yarada bilib. Xalq əsrlər boyunca öz təfəkküründə bu obrazları qoruyub saxlamaqla onun qoruyucusu və daşıyıcısı funksiyasını yerinə yetirir. Bu, həm də bir poetik dil ənənəsi, yaddaş folkloru, ənənəvi düşüncə tərzidir. Nəsimi də bu yaddaş folklorundan istifadə edərək mifologiyadan, xalq yaradıcılığından ona qədər uzanan bu nəhəng milli düşüncə sistemindən faydalanıb, bu kimi obrazları işlədərkən onların folklordakı informatik mənalarına, onların irfani məqamlarına, xalq təfəkküründə və şifahi nitqdə yaşayan anlamlarına əsaslanıb və onları təhlilə çəkərək daşıdıqları funksiyaya aydınlıq gətirib.

“Nəsiminin söz sənətkarlığı” adlanan sonuncu fəsildə tədqiqatçı Nəsimi ecazından söz açıb, bir qəvvas kimi “quş dilinin” dərin qatlarına sirayət edə bilib. Müəllif göstərir ki, poetik fiqurların bir qismi üslubu və mənanı zinətləndirən vasitələr olmaqla bərabər, məzmunla da bağlıdır. Odur ki, müəyyən əhvali-ruhiyyənin ifadəsi konkret, ayrıca poetik fiqurla bağlana bilib. Tədqiqatçı çoxlaylı qatlara malik olan Nəsimi şeirində hər bir lay qatının daşıdığı mənalara aydınlıq gətirib, poetik və sintaktik fiqurların özəlliklərini, onların məna və məzmun gözəlliyini faktiki material əsasında şərh edib.

Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümumiyyətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.