ELM VƏ TƏHSİL
“Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu” Qazaxda
Bakı, 29 iyul, AZƏRTAC
“Təhsil avtobusu – Nəsimi” yay məktəbinin növbəti tədbiri Qazax rayonunda keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Qazax filialının nümayəndələri iştirak ediblər.
Bildirilib ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır.
Yay məktəbində Qazax rayonunun Qazaxbəyli, Aşağı Əskipara, Aşağı Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Orta Salahlı kəndlərinin 6-9-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlər üçün “Xəyal et və yarat”, “Sabahı düşün”, “Gələcəyə addımla”, “Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Təlim və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” tələbə-könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, “SABAH” qrupları, “SABAH” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir.
Layihənin informasiya dəstəkçiləri sırasında AZƏRTAC-da var.