ELM VƏ TƏHSİL
Nəsimi irsinin araşdırılmasında Ədəbiyyat İnstitutu ortaya dəyərli elmi tədqiqatlar qoyub
Bakı, 13 sentyabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hürufizmin dünyada tanınmış tədqiqatçılarından biri olan professor Fatih Usluerin iştirakı ilə elmi seminar təşkil olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, seminar Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq, institutda həyata keçirilən silsilə tədbirlər çərçivəsində reallaşıb.
Seminarda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısı tərəfindən imzalanmış müvafiq sərəncamların Nəsimi irsinin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Mütəfəkkir şair Nəsimi ilə bağlı AMEA-da həyata keçirilən tədbirlərdən danışan İ.Həbibbəyli bildirib ki, ədibin yaradıcılığının araşdırılmasında Ədəbiyyat İnstitutu ortaya dəyərli elmi tədqiqatlar qoyub və bu iş davam etdiriləcək.
Daha sonra filologiya üzrə elmlər doktoru Rəhim Əliyev “Fəzlullah Nəimi, hürufilik və Nəsimi” mövzusunda məruzəsini təqdim edib. Alim qeyd edib ki, dövrün elmlərini, din tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənən Nəsimi həm də hürufi Fəzlullah Nəiminin təlimlərindən bəhrələnib. Məruzəçi, həmçinin türk, ərəb, fars, ingilis və fransız dillərini bilən professor Fatih Usluerin Nəiminin və bir sıra hürufi şairlərin əsərlərini tədqiq edərək çapa hazırladığını diqqətə çatdırıb.
Seminarda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli təmsil etdiyi qurum tərəfindən nəşrə hazırlanmış “Müqəddimətul həqayiq” əsəri barədə məlumat verib.
Tədbirdə Türk Maarif Vəqfinin Oman Sultanlığında Türk dili və ədəbiyyatı bölümünün professoru Fatih Usluer “İmadəddin Nəsimi Fəzlullah Nəiminin əlyazmalarında” mövzusunda məruzə ilə çıxış edib. 17 ildən artıqdır ki, hürufiliyin tədqiqi ilə məşğul olduğunu deyən alim araşdırmalarını hürufilərin fəlsəfəsi, hürufilərin tarixi və hürufi mətnlərinin araşdırılması istiqamətləri üzrə apardığını bildirib.
Sonda türkiyəli qonaq Fatih Usluer mövzu ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.