REGİONLAR


“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub

Naxçıvan, 19 fevral, AZƏRTAC

Görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunan “Nəsimi həftəsi” “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Nəsimi həftəsi”nin keçirilməsinin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsinin daha geniş öyrənməsinin vacibliyindən danışıb.

Bildirilib ki, “Nəsimi həftəsi”nin qrafikinə əsasən “Nəsimi” tarixi filminin nümayişi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi keçirilib. Həftə ərzində təşkil olunan tədbirlərdə yüzlərlə gənc fəal iştirak edib. “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə “Nəsimi həftəsi”nə yekun vurulur.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Tarix kafedrasının professoru Sevinc Abbasova, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev ustad sənətkar, dahi şairimiz İmadəddin Nəsiminin həyat və yaradıcılığından söhbət açıb, onun poeziyasından nümunələr səsləndiriblər.

Tədbirdə “Nəsimi həftəsi” çərçivəsində reallaşan “Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları, Naxçıvan Musiqi Kolleci tələbələrinin müşayiəti ilə musiqi proqramı və dahi şairin obrazının yaradılması gecəyə əlavə rəng qatıb. Həmçinin gecədə “Nə? Harada? Nə zaman?” intellektual oyununun, bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.