ELM VƏ TƏHSİL


Nəsimi “quş dili” deyərkən nəyi nəzərdə tuturdu?

Bakı, 10 aprel, AZƏRTAC

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Nəsiminin dili quş dilidir, onu Süleyman bilir ancaq” mühazirələr silsiləsindən G.Məmmədovanın mühazirəsi “Quş dili və fit dili fenomeni” mövzusunda olub.

Mühazirəçi quş dili və fit dilinin iki ayrı-ayrı yerdə yaşayan insanların bir-biri ilə ünsiyyət qurması məqsədilə düşündükləri vasitə olduğunu söyləyib. Qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə də fit dili və quş dilindən istifadə olunub. O, fit dilinin təkcə dilçiliyin morfologiya, fonetika sahələrində deyil, eləcə də bu qədim ünsiyyət vasitəsinin multidissiplinar səviyyədə araşdırılması zərurətinin olduğunu vurğulayıb.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov dahi şair Nəsiminin “quş dili” deyərkən hürufilik fəlsəfəsinin dilini nəzərdə tutduğunu söyləyib. O, G.Məmmədovanın indiyədək az tədqiq olunmuş bu sahəyə müraciət etməsini alqışlayıb.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov belə bir mövzuya məhz gənc tədqiqatçının maraq göstərməsini təqdirəlayiq hal hesab edib, mövzu ətrafında maraqlı nümunələr göstərib.

BDU-nun filologiya fakültəsinin tələbələrinin sualları cavablandırılıb.

Sonra mövzu ilə bağlı “Nəsimi” filmindən fraqmentlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.