ELM VƏ TƏHSİL
Nəsimi rayon məktəbliləri “Xudafərin” gəmisində səyahətə çıxıblar
Bakı, 12 iyul, AZƏRTAC
Yay tətili günlərində uşaqların və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin artırılmasına kömək göstərilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) orta məktəb şagirdləri üçün keçirdiyi silsilə tədbirlər davam edir.
RİH-dən AZƏRTAC-a bildiriblər ki, uşaqlar və yeniyetmələr üçün Xəzər dənizində gəzinti təşkil olunub. Təhsildə və idmanda fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə 120 məktəbli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni, müasir “Xudafərin” gəmisi ilə dəniz səyahətinə çıxıb.
RİH-in başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla səmimi söhbət edərək dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahətlərinin səmərəli təşkili istiqamətində görülən işləri xüsusi vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıb.
Bakı buxtasından paytaxtımızı seyr edən uşaqlar, həm də məharətlərini göstərərək şeir və mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər.