CƏMİYYƏT
Nəsimi rayon məktəbliləri növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcəklər
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 12-15-də Nəsimi rayonundan olan 40 məktəbli Lənkəran, Masallı, Astara rayonlarına səfər edəcək.
AZƏRTAC xəbər verir ki, tur–aksiyada iştirak edəcək məktəblilərlə görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib, dövlətimizin başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsinə və fiziki inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Bildirilib ki, tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, çay fabrikinə ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanlarına, muzeylərə, gənclər mərkəzlərinə, Olimpiya idman komplekslərinə və digər tarixi yerlərə də səfərlər təşkil ediləcək.