İQTİSADİYYAT
Nəsimi rayonu ərazisində Alı Mustafayev küçəsinin yan yolları əsaslı təmir edilib VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Nəsimi rayonu ərazisində 800 metr uzunluğa malik Alı Mustafayev küçəsinin yan yollarında, 3 mikrorayon dairəsindən “Xutor dairəsi” adlanan əraziyədək olan hissəsində yenidənqurma işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, yeni səki daşları düzülüb. Küçəboyu köhnə örtük yeni asfalt-beton örtüyü ilə əvəz olunub.
Bundan başqa, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Bununla da, cari ilin “İnvestisiya Proqramı”na əsasən rayon ərazisində ümumi uzunluğu 6 kilometrdən çox olan 12 küçənin əsaslı təmiri işləri icra olunub.
Xatırladaq ki, dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 kilometrdən çox olan küçə təmir edilib.