İQTİSADİYYAT
Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsi əsaslı təmir edilib VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Bu ilin İnvestisiya Proqramına uyğun olaraq, Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində aparılan yenidənqurma işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, 6 hərəkət zolaqlı olmaqla, eni ortalama 25 metr təşkil edən Ceyhun Səlimov küçəsinin sözügedən hissəsinin uzun müddət təmir olunmaması hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məlumata əsasən, kommunikasiya xətlərinin yenilənməsi işləri sentyabr ayının 10-da tam olaraq yekunlaşdırılıb və bu tarixdən etibarən agentlik tərəfindən küçədə genişmiqyaslı təmir-tikinti işlərinə start verilib.
Qısa müddət ərzində küçə boyunca zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə, 16 min 820 kvadratmetr sahənin asfaltlanma işləri aparılıb.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, zəruri hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da, küçənin sözügedən hissəsində səkilərin sahəsi 2200 kvadratmetrdən 3870 kvadratmetrədək artırılıb, küçəyə 3 min poqonometrədək yeni səki daşları düzülüb.
Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yolayrıcıları da tam olaraq yenidən inşa edilib.
Layihəyə uyğun olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa edilərək işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə yol nişanları və məlumatverici lövhələr quraşdırılaraq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 kilometrdən çox olan küçə təmir edilib.