CƏMİYYƏT
Nəsimi rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq mühafizə orqanları rəhbərləri, din xadimləri, gənclər təşkilatları və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da əksini tapdığını deyən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri aparılıb. Qeyd edilib ki, son illər paytaxtın Nəsimi rayonunda istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərəçarpan uğurlar qazanılıb.
İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq istiqamətində gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkanın və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yenilənməni təmin edib.
“Nəsimi rayonunun inkişafına göstərilən daimi himayənin nəticəsidir ki, cari ilin birinci yarısında rayonun sosial-iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli üstün olub. Bunu konkret fakt və rəqəmlər də aydın göstərir. Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılıb, 23 layihə üzrə söküntü tikinti işləri aparılır. Ümumiyyətlə, rayon ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri görüb.
Hesabat dövründə rayonun hüquq mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, sahələrində vəzifələrini layiqincə yerinə yetirməyə nail olublar”, - deyə Asif Əsgərov əlavə edib.
Sonda Şura iclasında müzakirə edilən məsələlərlə bağlı müvafiq qərar qəbul edilib.