İQTİSADİYYAT


Nəsimi rayonunda 5 küçə təmir olunub, digərlərində isə işlər davam edir VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.

Cari ildə rayon üzrə ümumi olaraq 6 kilometr ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir, küçə və yollar əsaslı şəkildə yenidən qurulur. Artıq rayonun ümumi uzunluğu 3 kilometrdən çox olan Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, İbrahim Əbilov və Balababa Məcidov küçələrində təmir işləri yekunlaşıb.

Hazırda Nəsimi rayonu üzrə uzunluğu 800 metr olan Möhsün Sənani küçəsində təmir işləri son mərhələ üzrə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Eni ortalama 9 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismar olunduğundan hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Layihə çərçivəsində küçənin mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Bundan başqa, yenidənqurma işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Küçə boyunca zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılaraq kipləşdirilib. Layihəyə uyğun olaraq, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Ümumilikdə isə təmir işlərinin aparıldığı ümumi sahə 7 min kvadratmetr təşkil edir. Hazırda qeyd olunan ərazidə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun aparılır. Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə Ceyhun Səlimov və Alı Mustafayev küçələrinin də təmiri icra olunacaq.

Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində isə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur. Ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə 10 kilometrdən çox uzunluğa malik küçə və yol təmir edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.