CƏMİYYƏT
Nəsimi rayonunda Anım Günü münasibətilə silsilə tədbirlər davam edir
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakının Nəsimi rayonunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər davam etdirilir.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Anım Günü ərəfəsində RİH-in rəhbərliyi və məsul əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub. Onlara maddi yardım və ərzaq bağlamaları çatdırılıb.
Anım Günü rayon icra hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon bələdiyyəsinin, ictimaiyyəti nümayəndələri, rayon gəncləri Şəhidlər xiyabanlarında rayon şəhidlərinin məzarlarını ziyarət edib, dərin ehtiramlarını bildiriblər.
Sonra rayonun Cavadxan küçəsində müxtəlif növ 200-dən artıq ağac əkilib, ayrı-ayrı ünvanlarda 2000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.
Daha sonra Nizami Kino Mərkəzində Anım Günü münasibətilə rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhadət yolçuları” sənədli filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov vurğulayıb ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. İcra hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.
Sonda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 10 şəhid anasına müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırıb.
Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda “Şəhadət yolçuları” filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı olub.