CƏMİYYƏT


Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

3 Dekabr–Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı 268 saylı xüsusi məktəbdə təhsil alan fiziki məhdudiyyəti olan uşaqların iştirakı ilə musiqili-əyləncəli tədbir keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə dövlətimizin fiziki məhdudiyyəti olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışan Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə həyata keçirilən işlər barəsində məlumat verib. O, bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur.

Qeyd olunub ki, əlil uşaqların təhsil almalarının təmin olunması üçün yaradılan təhsil müəssisələrindən biri də Nəsimi rayonunda yerləşən 1927-ci ildən fəaliyyət göstərən 268 saylı xüsusi məktəbdir. 2017-ci ildə əsaslı təmir edilən məktəbin açılışında Prezident İlham Əliyev iştirak edib.

Müxtəlif dərəcəli əlilliyi, əqli və fiziki qüsuru olan 798 uşağın təhsil aldığı 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev məktəbin kollektivi və valideynlər adından əlil uşaqlara göstərdiyi xüsusi münasibətə görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Tədbir bu məktəbin şagirdlərinin ifasında musiqi nömrələri ilə davam etdirilib, uşaqlara hədiyyələr təqdim olunub,

Beynəlxalq Əlillər Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən daha bir tədbir müharibə əlilləri və veteranları ilə görüş olub.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və digər veteranlar çıxış edərək dövlətimizin bu təbəqədən olan insanlara göstərdiyi qayğıdan və xüsusi münasibətdən danışıblar. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr də fiziki məhdudiyyəti olan insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır. Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir.

Tədbirin sonunda ictimai-siyasi fəallığına görə bir qrup müharibə veteranlarına Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin “Fədai” və “Vətən naminə” medalları təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.