CƏMİYYƏT
Nəsimi rayonunda “Məktəb bağları” layihəsinə start verilib
Bakı, 8 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən iməcilik təşkil edilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonun 4-cü mikrorayon ərazisində yerləşən 111 saylı tam orta məktəbin həyətyanı sahəsində müxtəlif növ meyvə ağacları əkilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilib, yeni-yeni yaşıllıq zolaqları salınıb. Vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. Layihə çərçivəsində aprel ayı ərzində ağac əkmə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Sonra məktəblilərin ifasında şən musiqi nömrələri ifa olunub.
“Məktəb bağları” layihəsi çərçivəsində rayonun 174 saylı körpələr evi-uşaq bağçasının həyətində də iməcilik keçirilib, mövcud yaşıllıqlara qulluq edilib, bağçanın həyətində müxtəlif meyvə ağacları əkilib. Uşaq bağçasının həyətində təbii meyvələrdən ibarət müxtəlif kompozisiyalar hazırlanıb, azyaşlılar kompozisiyalar ətrafında şən mahnılar ifa edərək, rəqs ediblər.
Ümumiyyətlə, “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayonunda keçirilən iməcilikdə 500-dən artıq meyvə ağacı əkilib.
Nəsimi rayonunun 4-cü mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 1, 2B, 3, 4B, 16B ünvanlarında mövcud yaşıllıqlara da qulluq edilib, yeni ağaclar əkilib. Mir Cəlal küçəsindəki parkda 6 mindən artıq gül kolları əkilib.
İməcilikdə 2 mindən artıq ağac əkilib, 3000-dən çox ağaca qulluq edilib, qazonlar döşənib, müəyyən ərazilərdə abadlıq işləri aparılib, bəzi yerlər asfaltlanıb, bardürlər düzülüb.
Paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən ümumrayon iməciliyində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və rayonun idarə, müəssisə və təşkilatlarından 800 nəfər iştirak edib.