İQTİSADİYYAT
Nəsimi rayonunda Nəsib bəy Yusifbəyli küçəsinin əsaslı təmiri davam edir
Bakı, 28 iyul, AZƏRTAC
Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Nəsimi rayonunda 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli küçəsinin əsaslı təmiri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, küçənin ortalama eni 14,5 metrdir. Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kvadratmetr piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 poqonometr səki daşı düzülüb.
Hazırda küçəyə 2-ci lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Ümumilikdə 6772 kvadratmetr ərazidə asfaltlanma işləri aparılacaq.
Təmir işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də görülür.
Sonuncu mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə istifadəyə veriləcək və 1562 kvadratmetr sahədə parkinq yerləri yaradılacaq.
Cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 kilometr təşkil edir.
Ötən il isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 kilometr uzunluğa malik küçələrdə təmir işləri aparılıb.