CƏMİYYƏT
Nəsimi rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
Bakı, 17 iyun, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.
RİH-dən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Asif Əsgərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Dövlətimizin başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Tədbirdə dünyanı bürümüş koronavirus COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığı xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Bakı şəhər Baş Səhiyyə Mərkəzinin rəisi Elçin Əmirov, İcbari Tibbi Sığorta Agentlik sədrinin müşaviri Nelli Veyisova və digərləri səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda bir qrup səhiyyə işçisi rayon icra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.