SİYASƏT
Nəsimi rayonunda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rayonun İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski respublikamızda qeyd olunan 8 Noyabr - Zəfər Gününə aparan yol barədə geniş məlumat verərək tədbir iştirakçılarını bu möhtəşəm bayram münasibətilə təbrik edib, öz xoş arzularını bildirib.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək, Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə yaralı əsgərlərə xidmət göstərən tibb işçiləri, həkimlər, tibb bacıları barədə məlumat verib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq, qeyd edib ki, bu gün müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qızıl hərflərlə Zəfər tariximizə yeni səhifə yazıb.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər dövlətimizin rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdən sonra rayon ərazisində yaşayan I Qarabağ və Vətən müharibələrinin şəhid ailələrinə və qazilərə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.