CƏMİYYƏT
Nəsimi rayonunda iməciliklər davam edir
Bakı, 3 dekabr, AZƏRTAC
Paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda yaşayış sahələrinin, məhəllə, həyət, küçə, park və istirahət yerlərinin abadlaşdırılması, ekoloji tarazlığın təmin edilməsi, yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması sahəsində ardıcıl tədbirlər görülür.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində keçirilən növbəti iməcilik zamanı Cavadxan küçəsi boyu 500-dən artıq zeytun və badam ağacları əkilib, H.Əliyev küçəsindən H.Seyidzadə küçəsinə qədər olan ərazidə mövcud yaşıllıqlara qulluq göstərilib.
Rayonda həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq göstəriblər. İməcilikdə rayon icra hakimiyyətinin, idarə və müəssisələrin nümayəndələri də yaxından iştirak ediblər. Ətrafda yaşayan sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildiriblər.