CƏMİYYƏT
Nəsimi rayonunda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkarlanıb, orada olan 56 nəfər cərimə olunub VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirdikləri nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən profilaktik tədbir zamanı rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul etdiyi müəyyənləşdirilib.
Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkarlanıb. Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və həmin şəxslər cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.