CƏMİYYƏT


Nəsimi rayonunda keçirilən tədbirdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Nəsimi Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 23 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedada malik, məcburi köçkün ailələrindən olan məktəblilər, həmçinin olimpiada və bilik yarışlarının qalibləri iştirak ediblər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq hüquqlarının müdafiəsi sahəsində gördükləri işlərdən, balacalara göstərdikləri diqqət və qayğıdan danışıb. G.Verdiyeva Mehriban xanım Əliyevanın uşaqların ən böyük dostuna, himayədarına çevrildiyini diqqətə çatdırıb, Heydər Əliyev Fondunun uşaqların hüquqlarının müdafiəsi sahəsində gördüyü işləri xüsusi qeyd edib.

İcra başçısının birinci müavini, həmçinin Nəsimi Rayon İcra Hakimiyyətinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinin hər zaman diqqət mərkəzində saxladığını, onların tətil günlərinin mənalı, yaddaqalan keçirilməsi, bilik səviyyələrinin, dünyagörüşlərinin artırılması üçün silsilə tədbirlər təşkil etdiyini deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlətimiz tərəfindən uşaqların təhsili və sağlam böyümələri istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqların sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib.

Sonra çıxış edən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Ağayeva “Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlərin balacaların hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət etdiyini bildirib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə Nəsimi rayonunun bir sıra məktəbləri diplomlarla təltif edilib.

Tədbir 23 saylı tam orta məktəbin şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.