CƏMİYYƏT
Nəsimi rayonunda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, körpəsi ilə birlikdə dilənçilik edən Yevlax rayon sakini N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə dəvət edilib.
Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyənləşdirilib.
Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha iki azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağlamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən olunub.
N.Abdullayeva barəsində Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.